“Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsinin “Naxçıvan” Universitetində təqdimatı keçirilib.

“Naxçıvan” Universitetində keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, ali təhsil müəssisəsi Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində ali təhsildə potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi, “Azərbaycanda rektorlar konfransı”nın layihəsi olan ECAR layihəsinin Naxçıvanda yeganə tərəfdaşıdır.

Rektor  Azərbaycanda ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasının sürətləndirilməsi, ali təhsil müəssisələri və digər maraqlı tərəfdaşlar arasında əməkdaşlıq, şəbəkə, ünsiyyət səviyyəsinin effektivliyinin artırılması, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və universitetlərin beynəlxalq proqramlara daha fəal cəlb olunmasının əhəmiyyətindən danışıb.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli layihə haqqında ətraflı məlumat verib. Layihənin məqsədi, tərəfdaşları, büdcəsi barədə danışıb. Tədbirdə tələbələr və rəhbərlik arasında ortaq proqramlar yaratmaq, artan mobilliyi asanlaşdırmağı hədəfləyən milli şəbəkənin formalaşdırmaq baxımından layihənin əhəmiyyəti qeyd olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.