10 noyabr 2021-ci il tarixində Bakı Biznes Univertsitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti görüşü Bakı Ali Neft Məktəbində keçirilmişdir.

10 noyabr 2021-ci il tarixində Bakı Biznes Univertsitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti görüşü Bakı Ali Neft Məktəbində keçirilmişdir. Görüşün məqsədi layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrinin ali təhsilin maraqlı tərəfləri ilə bölüşülməsi və bu nəticələr barəsində müvafiq müzakirələrin aparılması olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycanın 19 Universitetinin rektorları və prorektorları, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynəlxalq Bizness Universitetlər birliyinin məsul nümayəndələri tədbirdə iştirak etmişdir.


Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq Zəfər Günü və Bayraq Günü münasibətilə öz təbriklərini çatdırdı. Rektor universitetlər arasında təcübələrin bölüşülməsi, birgə müzakirələrin aparılması və ümumilikdə ali təhsilin inkişafı baxımından layihənin əhəmiyyəti və vacibliyindən bəhs etdi.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli çıxış edərək Nazirliyi adından tədbir iştirakçılarını salamladı və bayram münasibətilə təbrik etdi. Nicat Məmmədli sözügedən layihənin Universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, yaradılacaq komitələr vasitəsilə qərarvermə proseslərinin optimallaşmasına, qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və nəhayət Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyini vurğuladı.
Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov öz çıxışında layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verdi. Eyni zamanda E. Bayramov layihə çərçivəsində aparılan tədqiqatların məqsədi, mərhələləri və istifadə edilən metodologiya haqqında təqimat nümayiş etdirdi.
Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknytė-Petreikienė Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, Mykolas Romeris Universitetinin prorektoru Prof. Regina Valutyte və layihə koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazası haqqında çıxış edərək yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, Konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi haqqında geniş məzmunda çıxış etdi.