ADMİU-DA “AZƏRBAYCANDA REKTORLAR KONFRANSI” (ECAR) LAYİHƏSİ İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLİB

Dekabrın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində qalib gəlmiş “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) layihəsi ilə bağlı iclas keçirilib. İclasda ADMİU-nun rektoru, professor Ceyran Mahmudova layihənin koordinatoru Gülşən Bayramova və Bakı Biznes Universitetinin prorektoru Eşqin Bayramovla görüşüb.
Qeyd edilib ki, 2021-2023-cü illərdə gerçəkləşəcəyi nəzərdə tutulan bu layihənin ümumi hədəfi milli inkişaf strategiyalarına uyğun olaraq, rektorlar konfransı vasitəsilə universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.


Təmsilçilərin fikir və təkliflərini dinləyən rektor bir sıra istiqamətlərdə tövsiyələr irəli sürüb, layihənin ADMİU və ümumən universitetlər üçün önəmindən danışıb. Universitet olaraq hər zaman yenilikçi və faydalı ideyaları dəstəklədiklərini bildirən rektor C.Mahmudova ADMİU-nun digər universitetlərlə qarşılıqlı əməkdaşlığa maraqlı olduğunu da vurğulayıb. O, 2023-cü ildə 100 illik yubileyini qeyd edəcək universitet üçün əlaqələrini genişləndirmək baxımından bu layihənin də səmərəli olacağına inandığını deyib.
Görüşdə iştirak edən ADMİU-nun prorektorları Nigar Rüstəmova, Gülşən Əliyeva-Kəngərli və Sədaqət Əliyevanın da düşüncələri dinlənilib, geniş fikir mübadiləsi aparılıb.