“AZƏRBAYCANDA REKTORLAR KONFRANSI” (ECAR) LAYİHƏSİ İLƏ BAĞLI NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

20 dekabr 2021-ci il tarixində Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+  layihəsinin növbəti işgüzar görüşü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutdu. Görüşün məqsədi layihənin iş planına uyğun olaraq həyata keçirilən fəaliyyətlərin dəyərləndirilməsi və növbəti mərhələdə icrası planlaşdırılan məsələlərin qarşılıqlı müzakirə edilməsi olmuşdur. Görüşdə layihə konsorsiumunun üzvü olan 16 Azərbaycan ali təhsil müəssisələrinin prorektorları və digər məsul şəxsləri iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru prof.Ceyran xanım Mahmudova iştirakçıları salamladı və layihənin önəmindən danışaraq layihə komandasına uğurlar arzu etdi.

Daha sonra layihənin koordinatoru, Bakı Biznes Universitetinin Universitet- sənaye işbirliyi mərkəzinin müdiri Gülşən xanım Bayramova layihədə görülmüş işlərin nəticələri və Rektorlar Konfransının Azərbaycan modelinin yaradılması məqsədilə işçi qrupunun formalaşdırılmasından bəhs edib. G.Bayramova əlavə edib ki, yaradılan ilk işçi qrupu tərəfindən Rektorlar Konfransının təşkilati strukturu, missiyası, vizyonu, üzvlük qaydaları, Konfransın maliyyələşmə mexanizmləri və onun tərkibində fəaliyyət göstərəcək komitələrin yaradılması haqqında bir sıra sənədlər hazırlanacaq.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli layihənin uğurla start götürdüyünü və ölkəmizdə ali təhsilin inkişafı, eləcə də əməkdaşlıq imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.

Görüşün sonunda tədbir iştirakçıları növbəti tapşırıqların icrası ilə əlaqədar fikir mübadilələri apardılar.