BAKI BİZNES UNİVERSİTETİNİN KOORDİNATORU OLDUĞU “AZƏRBAYCANDA REKTORLAR KONFRANSININ YARADILMASI” (ECAR) ADLI ERASMUS+ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİNDƏ TƏLİM KEÇİRİLİB

Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetində təlim keçirilib. Avropa Komissiyasının maliyyə dəstəyi ilə icra edilən layihəyə uyğun olaraq baş tutan təlimdə Təhsil Nazirliyinin və 16 tərəfdaş universitetin  nümayəndələri iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov qonaqları universitetdə görməkdən məmnunluğunu bildirib. Layihənin önəmindən danışan rektor əsas hədəfin Azərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi olduğunu vurğulayıb. Ali təhsil ocağının rəhbəri layihənin yerli və Avropa universitetləri arasında əməkdaşlığın yeni formatlarını müəyyənləşdirilməsinə köməklik göstərəcəyinə əminliyini ifadə edib. Layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələrə də toxunan Havar Məmmədov Rektorlar Konfransının Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacağını fikirlərinə əlavə edib.

Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru, i.e.d.,professor İbad Abbasov Rektorlar Konfransı vasitəsilə universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməyin vacibliyindən danışıb. O, xarici təcrübələrdən istifadə edərək Azərbaycanda Rektorlar Konfransının yaradılması istiqamətində görülən işlərdən bəhs edib.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli təşkil olunan təlimin əhəmiyyətini vurğulayıb, layihə çərçivəsində görülən bütün fəaliyyətlərin yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacağını bildirib.

Tədbirə onlayn formada qatılan Mərkəzi Oklahoma Universitetinin Transformativ Tədris və Təlimdə Mükəmməllik Mərkəzinin icraçı direktoru Jeff King “Transformativ tədris və öyrənmə” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, son 10 ildə həm cəmiyyətdə, həm tələbə strukturunda, həm də akademiyada çox böyük dəyişikliklərin olması səbəbindən yeni üsulları axtarmaq vacibdir. O, bu prosesdə mühüm məsələnin transformativ təlimin tədrisi metodları olduğunu söyləyib. Transformativ tədris və öyrənmədən danışan Jeff King diqqətə çatdırıb ki, tədrisdə məlumat verməklə öyrətmək əsas götürülür, öyrənmədə isə tələbələrin informasiyanı necə mənimsəməsi və istifadə etməsi daha vacib hesab olunur.

Daha sonra “Dəyişikliklərin idarə edilməsi – transformasiyalı tədris və öyrənmə” mövzusunda işini davam etdirən təlim Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA- Central and Eastern European Network of Quality Assurance Agencies in Higher Education) vitse prezidenti Olgun Çiçek tərəfindən aparılıb. Təlim zamanı ali təhsil müəssisələrində keyfiyyət təminatının tələbləri, təhsil proqramlarının beynəlmiləlləşdirilməsi, dərs proqramlarında keyfiyyət təminatı, beynəlxalq akkreditasiya və onun gələcək perspektivləri, modular akkreditasiya barədə ətraflı məlumat verilib və qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb.