AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ ERASMUS+ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ ECAR LAYİHƏSİNİN MƏLUMATLANDIRMA GÜNÜ TƏŞKİL EDILİB

17.03.2022-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Univeristetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetində məlumatlandırma günü keçirilib. Görüşdə Azərbaycan Texnologiya Universiteti ilə yanaşı regionda fəaliyyət göstərən Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları da iştirak edib.

Tədbirdən öncə Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov ECAR Erasmus+ layihəsi nümayəndələrini qəbul edib. Layihə ilə bağlı qarşıda duran məsələlərlə də tanış olan rektor ECAR Erasmus+ layihəsində tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Akif Süleymanov layihənin işinin düzgün yerinə yetirilməsi üçün UTECA-da işçi qrup yaradıldığını və bura cəlb olunan əməkdaşların layihədə yaradılacaq komitələrin profilinə uyğun seçildiyini bildirib, Texnologiya Universitetinin üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmək üçün bundan sonra da səy göstəriləcəyini qeyd edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Yaşar Ömərov layihənin əhəmiyyətindən danışıb, təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün milli səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb, eyni zamanda universitetlər arasında milli şəbəkələşmənin qurulması və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından layihənin uğurlu nəticələr əldə edəcəyinə inamını ifadə edib.

Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov iştirakçılara layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verib.

Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində görülmüş işlərin nəticələri və növbəti mərhələdə icrası planlaşdırılan məsələlər, xüsusilə Azərbaycan ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində aparılmış tədqiqatın nəticələrinə dair hesabatla çıxış edib.

Görüşün sonunda tədbir iştirakçıları arasında geniş fikir mübadiləsi aparılıb və layihənin gələcək fəaliyyəti müzakirə edilib.