ATMU-da ECAR layihəsi çərçivəsində İspaniya Krallığının Madrid şəhərində baş tutmuş səfər ilə əlaqədar təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən, Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 10-14 iyul tarixlərini əhatə edən İspaniya Krallığının Madrid şəhərinə baş tutmuş səfərlə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən ATMU-nun Tədris işləri üzrə prorektoru f.e.d, professor Zaur Bağırov səfərin əsas məqsədinin tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvanın təcrübəsinin öyrənilməsi olduğunu iştirakçıların diqqətinə çatdırıldı. O bildirdi ki, səfərin iştirakçıları qismində Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Milli Məclisinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri, o cümlədən layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və digər məsul şəxslərindən ibarət 40 nəfər əməkdaş daxil olub.
Səfər iştirakçıları öz çıxışlarında İspaniya Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində onun rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri, İspaniya ali təhsil müəssisələrində inkluziv təhsillə bağlı görülən işlər, bu ölkənin ali təhsil sistemində dayanıqlı inkişaf məqsədlərinin tətbiqi, universitet öncəsi, tələbəlik dövrü və məzun olduqdan sonrakı dövrdə tələbələrlə görülən işlər və s. barədə ətraflı məlumat verdilər.
Tədbirin sonunda universitetin professor-müəllim və inzibati heyəti üzvlərinin sualları çıxışçı tərəfindən ətraflı cavablandırıldı.
19.10.2023