Tələbə və məzun işləri üzrə komitənin ilk iclası keçirilib

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Tələbə və məzun işləri üzrə komitənin ilk iclası keçirilib. Toplantı layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda keçirilib.
Görüş zamanı müzakirə olunan əsas mövzular komitə üzvləri ilə tanışlıq, sahə üzrə ilkin müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti və sədrinin seçilməsi qaydaları oldu. İclasın gedişində qeyd olunan məsələlərlə bağlı tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edildi.
İclas gedişində 3 nəfərin namizədliyi idarə heyətinin sədri vəzifəsini tutmaq üçün irəli sürülüb.
65% səs çoxluğu ilə Bakı Biznes Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov idarə heyətinin sədri seçilib.
Növbəti mərhələdə sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin direktoru Gülçöhrə İbrahimova sədrin müavinləri seçiliblər.
Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmiləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə , Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzun işləri üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.
Cavidan Heydarov Bakı Biznes Universitetində Maliyyə ixtisası üzrə bakalavriatura, Bakı Biznes Universiteti və Polşanın Katowice İqtisadiyyat Universitetində Maliyyə ixtisası üzrə magistratura, “Mühasibat uçotu və audit” ixtisası üzrə isə doktorantura pilləsində təhsil alıb. Tələbəlik dövründə Universitet Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışıb. 2016-cı ildən etibarən Bakı Biznes Universitetində rektor köməkçisi vəzifəsi üzrə əmək fəaliyyətini davam etdirib. C.Heydarov universitetdə maliyyə, büdcə, bank işi fənlərini tədris edir. Uçot və maliyyə hesabatlarının təkmilləşdirilməsi istiqamətlərində bir sıra elmi məqalələri nəşr edilib. 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Eyni zamanda 2018-ci ildən etibarən Universitetin Keyfiyyət Təminatı Mərkəzinə rəhbərlik edir.
Cavidan Heydarov bu günədək “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” və “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihələrinin, eləcə də beynəlxalq akademik mübadilə proqramlarının iştirakçısı olmuşdur