Dövlət Məşğulluq Agentliyinin təşəbbusu və Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissiyasi tərəfindən maliyyələşdirilən ECAR layihəsinin dəstəyi ilə 21 oktyabr tarixində Xəzər universitetində “Karyera mərkəzlərinin strateji inkişaf konfransı” baş tutdu
“Report” xəbər verir ki, 36 ali təhsil müəssisəsindən nümayəndənin iştirak etdiyi konfransın əsas məqsədi karyera planlaması və karyera mərkəzlərinin inkişafı istiqamətində aparılan islahatları təbliğ etmək, məzunların əmək bazarına inteqrasiyası istiqamətində yerli və beynəlxalq təcrübələrlə tanış olmaq və onların tətbiqi mexanizmlərini formalaşdırmaq, universitetlərin karyera mərkəzləri arasında əlaqələrin inkişafına və genişlənməsinə dəstək olmaq, ali təhsil müəssisələrinin nüfuzunun yüksəlməsində karyera mərkəzlərinin rolunu nəzərdən keçirməkdir.
Konfransda çıxış edən Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının müxtəlif transformasiyalara məruz qalaraq dəyişdiyini, qoballaşan əmək bazarının bizim qarşımızda yeni çağırışlar qoyduğunu bildirib. Sədr vurğulayıb ki, Agentliyin əsas istiqamətlərindən biri də əmək bazarının araşdırılması və bu sahədə yanaşmanın müasir tələblərə uyğun olaraq müəyyən edilməsidir. Aparılan təhlillərin nəticəsi olaraq əmək bazarında tələb və təklif arasında ciddi uyğunsuzluqların olduğunu qeyd edən M.Abbasbəyli bunun aradan qaldırılması üçün əmək bazarı ilə təhsil sisteminin sintezinin ortaya qoyulmasının və karyera planlamasının vacibliyindən danışıb. Qeyd edib ki, Agentliyin bu istiqamətdə ciddi islahatlarından biri olaraq Mərkəzi Karyera filialı yaradılıb və filial tərəfindən müxtəlif layihələr həyata keçirilir, yeni innovativ mexanizmlər formalaşdırılır. Beləliklə, gənclər əmək bazarının çağırışlarını əvvəlcədən görə biləcək və öz peşələrini real göstəricilər əsasında müəyyən edə biləcəklər. Gənclərin əmək bazarına daxil olmasında Universitetlərdə yaradılan karyera mərkəzlərinin rolunu qeyd edən M.Abbasbəyli Agentliyin bu mərkəzlərin fəaliyyətini dəstəklədiyini bildirib.
Digər çıxışçılar, Xəzər Universitetinin rektoru İradə Xəlilova və Bakı Biznes Universitetinin rektoru İbad Abbasov da karyera mərkəzlərinin fəaliyyətinin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlığın qurulması, gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanmasının əhəmiyyətindən danışıblar.
Daha sonra Dövlət Məşğulluq Agentliyinin karyera planlaması istiqamətində gördüyü işlər, dövlət – universitet – biznes üçbucağının formalaşmasında karyera mərkəzlərinin rolu, karyera mərkəzlərinin struktur və quruluşu, tələbələrə keyfiyyətli xidmət, Universitetin nüfuzunun artırılmasında karyera mərkəzlərinin öhdəlikləri, tələbə və məzunların əmək bazarına hazırlanması mexanizmləri və karyera mərkəzi əməkdaşlarının ixtisaslaşması istiqamətində perspektivlər mövzusunda panel müzakirələr keçirilib.