ECAR LAYIHƏSİ ÇƏRŞİVƏSİNDƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ KOMİTƏNİN İLK TOPLANTISI KEÇİRİLİB

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Tələbə və məzun işləri üzrə komitənin ilk iclası keçirilib. Toplantı layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda keçirilib.
Görüş zamanı müzakirə olunan əsas mövzular komitə üzvləri ilə tanışlıq, sahə üzrə ilkin müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti və sədrinin seçilməsi qaydaları oldu. İclasın gedişində qeyd olunan məsələlərlə bağlı tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edildi.
İclas gedişində 3 nəfərin namizədliyi idarə heyətinin sədri vəzifəsini tutmaq üçün irəli sürülüb.
65% səs çoxluğu ilə Bakı Biznes Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov idarə heyətinin sədri seçilib.
Növbəti mərhələdə sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin direktoru Gülçöhrə İbrahimova sədrin müavinləri seçiliblər.
Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmiləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə , Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzun işləri üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.
Cavidan Heydarov Bakı Biznes Universitetində Maliyyə ixtisası üzrə bakalavriatura, Bakı Biznes Universiteti və Polşanın Katowice İqtisadiyyat Universitetində Maliyyə ixtisası üzrə magistratura, “Mühasibat uçotu və audit” ixtisası üzrə isə doktorantura pilləsində təhsil alıb. Tələbəlik dövründə Universitet Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışıb. 2016-cı ildən etibarən Bakı Biznes Universitetində rektor köməkçisi vəzifəsi üzrə əmək fəaliyyətini davam etdirib. C.Heydarov universitetdə maliyyə, büdcə, bank işi fənlərini tədris edir. Uçot və maliyyə hesabatlarının təkmilləşdirilməsi istiqamətlərində bir sıra elmi məqalələri nəşr edilib. 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Eyni zamanda 2018-ci ildən etibarən Universitetin Keyfiyyət Təminatı Mərkəzinə rəhbərlik edir.
Cavidan Heydarov bu günədək “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” və “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihələrinin, eləcə də beynəlxalq akademik mübadilə proqramlarının iştirakçısı olmuşdur.

ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Təlim-tərbiyə işləri üzrə komitənin idarə heyətinin sədr müavini – Səidə Məmmədova bakalavr təhsilini Beynəlxalq münasibətlər ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini eyni ixtisas üzrə Bakı Slavyan Universitetində alıb. Hazırda Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə qiyabi doktorantıdır.
S. Məmmədova əmək fəaliyyətinə 2010-cu ildən başlayıb. O, 2010-2018-ci illdərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Beynəlxalq əlaqələr şöbəsinin metodisti, Əcnəbi tələblər üçün Hazırlıq şöbəsinin müdiri, Beynəlxalq əlaqələr və əcnəbi tələbələr üçün Hazırlıq şöbəsinin müdiri vəzifələrini icra edib. 2019-cu ildən etibarən ATMU-da əmək fəaliyyət ilə məşğuldur.
O, eyni zamanda 2013-cü ildən etibarən pedaqoji fəaliyyətlə də məşğuldur.
S. Məmmədova, ATMU-da Ümümdünya Turizm Təşkilatının TedQual akkreditasiyası, ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə sertifikasiyası işində iştirak edir. S. Məmmədova ATMU-da “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsində fəaliyyət göstərmiş, “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən pilot kursları (PİCASP)” layihəsinin uğurla reallaşdırlmasında iştirak etməkdədir. Həmçinin Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən, ATMU-nun tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsini universitet tərəfindən koordinasiya edir.
S. Məmmədova universitetin strateji məqsədlərinə uyğun olaraq yüksək peşəkarlığa malik tələbə və məzunların yetiştirilməsi işinə dəstək olur, tələbə və məzunların karyera inkişafı üçün strategiyalar hazırlayır, inkişaf etdirir, həyata keçirilməsinə rəhbərlik edir və nəticələrini mütəmadi olaraq qiymətləndirir. Həmçinin o, ATMU-nun fəaliyyətində maraqlı tərəflərlə, xüsusilə sənaye ilə Universitet arasında əlaqələrin qurulması işini koordinasiya edir. S. Məmmədova Universitetin strateji inkişaf planına əsasən əmək bazarının ehtiyaclarının müəyyənləşdirilməsi və proqnozlaşdırılması işində iştirak edir.
ATMU tələbələrinin istehsalat təcrübəsinin təşkili prosesi S. Məmmədovanın koordinasiyası ilə həyata keçirilir. Tələbə və məzunlarla, o cümlədən tədbirlərin təşkili və marketinq işlərinin təkmilləşdirilməsi üzrə tədbirlər görür, onların keyfiyyətinin artırılmasını koordinasiya edir.

ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Təlim-tərbiyə işləri üzrə komitənin idarə heyətinin sədr müavini – Gülçöhrə İbrahimova Qafqaz Universiteti Biznesin təşkili və idarə edilməsi üzrə bakalavr, Qafqaz Univesriteti İstehsal və xidmət sahələrinin idarə edilməsi (sənaye üzrə) ixtisası üzrə magistr pillələrində təhsil almışdır. 2013-2017-ci illərdə Qafqaz Universitetində Karyera Planlama Mərkəzində kiçik mütəxəssis və mütəxəssis vəzifələrində işləmişdir. 2017-ci il fevral ayından Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentində mütəxəssis işləmişdir. 2018-ci iyul ayının 1-dən Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentində direktor olaraq fəaliyyət göstərir. Bakı Mühəndislik Universitetin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin qurulmasında və inkişafında yaxından iştirak etmişdir. Karyera planlaması, insan resursları üzrə bir neçə yerli və beynəlxalq layihələrdə, təlim, master-klasslarda iştirak etmişdir.