“Ali Təhsildə Keyfiyyət Təminatı” üzrə “Beynəlxalq həftə”
Azərbaycanda ilk dəfə olaraq Bakı Biznes Universiteti tərəfindən Erasmus+ proqramı çərçivəsində 21-25 noyabr tarixlərini əhatə edən “Ali Təhsildə Keyfiyyət Təminatı” üzrə “Beynəlxalq həftə” keçirilmişdir. Tədbir ECAR və EQAC layihəsinin birgə fəaliyyəti olaraq, Tədris işləri və Keyfiyyət Təminatı komitəsinin illik fəaliyyət planına uzrə keçirilmişdir. Tədbirin məqsədi bu layihələrdə tərəfdaşı olan xarici ölkələrin ali təhsil müəssisələrinin, o cümlədən İngiltərə, İsveç, İspaniya, İtaliya, Türkiyə və Polşa universitetlərində keyfiyyət təminatında mövcud olan təcrübələrin Azərbaycanın ali təhsil müəssisələrinə ötürülməsidir. Bununla yanaşı, “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin İnkişaf Etdirilməsi” ERASMUS+KA2 layihəsinin davamlılığının təmin edilməsi və tərəfdaş ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin təkmilləşdirilməsi üçün tədqiqat qrupunun formalaşdırılması da əsas məqsədlərdən biridir.
Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri, Avropanın 6 qabaqcıl ölkəsindən 7 universitetin-İngiltərənin Middlesex Universitetinin, İspaniyanın Jaen Universitetinin, İtaliyanın Tuscia Universitetinin, qardaş Türkiyə Respublikasından Dokuz Eylül Universitetinin, Polşanın WSG Universitetinin və Katowice İqtisadiyyat Universitetinin nümayəndələri, Azərbaycanın 33 ali təhsil müəssisəsindən 70-ə yaxın nümayəndə heyəti, o cümlədən rektorlar, prorektorlar və keyfiyyət təminatı üzrə məsul şəxslər iştirak ediblər.
Tədbirin ilk günündə “Keyfiyyət təminatının ali təhsildə rolu”, “Jaen Universitetinin keyfiyyət təminatı sistemi”, “İspaniya planlaşdırma və qiymətləndirmə sistemi”, “Tuscia Universitetində daxili keyfiyyət təminatı sisteminin qurulması və icrası”, “Keyfiyyətin təmin olunmasında özünüqiymətləndirmə fəaliyyətinin mahiyyəti və faydaları”, “Polşa universitetləri təcrübəsində tədrisin keyfiyyətinin təmin edilməsi mexanizmləri və tədris prosesinin qurulması” mövzularında təqdimatlar keçirilib. Təlimlərin növbəti günlərində isə xarici partnyorlar tərəfindən təhsil proqramı üzrə komitələrin funksiyaları, pofessor-müəllim heyətinin qiymətləndirilməsi, dekanların keyfiyyət təminatında rolu, strateji planlama, daxili audit, məmnunluq sorğularının keçirilməsi kimi mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə seminarlar və qrup işləri həyata keçirilməklə təcrübə mübadilələri aparılacaqdır