Azərbaycan Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində növbəti təlim keçirilib
13-14 may 2024-cü il tarixlərində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində növbəti təlim Azərbaycan Universitetinin tədris binasında keçirilib. Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov və Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyevanın apardığı ikigünlük təlimin məqsədi elmmetrik bazalar, onların iş prinsipləri, tədqiqatçılar üçün gərəkli imkanları, onlardan istifadə mexanizmləri, məqalələrin hazırlanması standartları və jurnalların seçimi, tədqiqatçı göstəricilərinin yaxşılaşdırılması metodları haqqında iştirakçılara geniş nəzəri biliklərin ötürülməsi və praktiki vərdişlərin yaradılması olub.
“Elmi məqalələrin strukturu, jurnal seçimi və təqdimatı” adlı birinci təlimdə iştirakçılara beynəlxalq indekslənmə bazalarında indekslənən jurnallarda elmi məqalələrin strukturuna qoyulan tələblər, jurnal seçimi və məqalələrin təqdimatı ilə bağlı zəruri məlumatlar verilib.
İkinci təlim isə “Web of Science” və “Scopus” elmmetrik bazalarının resurslarından istifadəyə həsr olunub. Təlimdə bazaların iş prinsipləri, axtarış sistemləri, müəllif profillərinin yaradılması istiqamətlərində məlumat verilib, bəzi prosedurlar onlayn rejimdə nümayiş etdirilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, ideya və təkliflər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Universitetinin tərəfdaş olduğu layihənin koordinatoru Bakı Biznes Universitetidir. Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihəsinin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Təlimdə layihənin tərəfdaşı olan universitetlərin nümayəndələri iştirak edib.