Azərbaycan Universitetində ECAR layihəsinin növbəti məlumatlandırma günü keçirilib

Azərbaycan Universitetində ecar layihəsinin növbəti məlumatlandırma günü keçirilib
Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ecar) adlı “Erasmus+” layihəsi çərçivəsində universitet heyəti üçün növbəti məlumatlandırma sessiyası keçirilib. Tədbirdə rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müdiri Nüşabə Quliyeva layihənin mahiyyəti, məqsədi və görülmüş işlər haqqında tədbir iştirakçılarına məlumat verib.
Ardınca Beynəlxalq layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmira İsmayılova layihə çərçivəsində İspaniyanın Madrid şəhərinə təşkil olunan səfər zamanı əldə olunan təcrübəni struktur bölmə rəhbərləri ilə bölüşüb. Səfərin əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsi olub. İyul ayında baş tutan səfərdə Azərbaycan Universitetini Beynəlxalq layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmira İsmayılova və Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova təmsil ediblər.
Görüşdə layihə çərçivəsində yaradılan komitələr və onların fəaliyyəti də geniş şəkildə müzakirə olunub.
Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. ecar layihəsinin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.
07-08.09.2023