“Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib
İyunun 20-də Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransı keçirildi. Konfrans dövlət himninin səslənməsi ilə öz işinə başladı. Konfransı giriş nitqi açıq elan edən Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov bildirib ki, bu gün Bakı Biznes Universitetinin 2-ci böyük beynəlxalq layihəsi olan “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin yekun hesabat konfransına toplaşmışıq. Göründüyü kimi layihə həm milli, həm də beynəlxalq səviyyədə çox geniş əhatə dairəsinə malikdir. Belə ki, 2020-ci ildə bu layihə 16 həlledici səs hüququna malik yerli ali təhsil müəssisəsinin iştirakı ilə fəaliyyətə başlamış, 2024-cü ilə qədər isə bu say 21-ə çatmışdır. Hər şeydən öncə qeyd etmək istəyirəm ki, Bakı Biznes Universitetinin müəllifliyi ilə Avropa Komissiyasına təqdim edilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi 2020-ci ildə qrant müsabiqənin qalibi olmuşdur. Təqribən bir milyon avro dəyərində olan bu layihə 2020-2024-cü illəri əhatə etməklə Bakı Biznes Universitetinin koordinatorluğu ilə 4 il müddətində uğurla icra olunmuşdur. Layihənin əsas məram və məqsədi Azərbaycan ali təhsil müəssisələri arasında şəbəkələşmə və əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur. Layihə bu məqsədə nail olmaqla yerli ali təhsil müəssisələrinin keyfiyyətini, rəqabət qabiliyyətini və qlobal inteqrasiyasını əhəmiyyətli dərəcədə artırmağı əsas hədəflər kimi qarşıya qoymuş və buna nail olmuşdur desək yanılmarıq. Bugün fürsətdən istifadə edərək tərəfdaş ali təhsil müəssisələrimizin hörmətli rektorlarına, rektorlar konfranslarının rəhbərlərinə, bizimlə yaxından əməkdaşlıq edən bütün Avropa universitetlərinin rektorlarına, nüfuzlu Avropa təşkilatlarına, xüsusilə Azərbaycan Respublikası Elm və Təhsil Naziri çox hörmətli Emin Əmrullayevə, çox hörmətli nazir müavinləri cənab İdris İsayevə və cənab Firudin Qurbanova, nazirliyin digər səlahiyyətli əməkdaşlarına, o cümlədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri cənab Nicat Məmmədliyə, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər xanım Səttarovaya, Nazirliyin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri cənab Turxan Süleymana və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin idarə heyətinin sədri cənab Tural Əhmədova layihənin icrasında verdikləri dəstəyə görə öz təşəkkürümü bildirirəm.
Daha sonra çıxış edən Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, ECAR layihəsi ali təhsil müəssisələri arasında mühüm məsələlərin müzakirəsi, bilik və təcrübələrin paylaşılması, müvafiq sahələr üzrə fəaliyyətlərin təşkili və qarşılıqlı dəstək mədəniyyətinin inkişaf etdirilməsi ilə ölkəmizin ali təhsil sektorunun keyfiyyətin yüksəldilməsinə töhfə verib. O, həmçinin bu layihədə iştirakından məmnunluğunu da ifadə edib.
Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova isə Azərbaycan ali təhsil sistemində əməkdaşlıq şəbəkəsinin genişlənməsi, ali təhsil müəssisələrinin beynəlxalq miqyasda rəqabətqabiliyyətinin gücləndirilməsi və təcrübələrin operativ şəkildə mübadilə edilməsi baxımından layihənin önəm və əhəmiyyətindən bəhs edib və öz səmimi təbriklərini çatdırıb.
Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru Gülşən Bayramova öz hesabat-təqdimatlarında ECAR layihəsinin yazılması zərurəti, mövcud olan ehtiyaclar, layihənin əsas məqsədi və hədəfləri, layihənin icra mərhələləri, o cümlədən layihə çərçivəsində fəaliyyət göstərən pilot komitələr haqqında geniş məlumat veriblər.
Hesabat-təqimatdan sonra layihənin yekun nəticəsi hesab edilən layihə konsorsiumunun üzvü olan 21 universitet tərəfindən imzalanmış tərəfdaşlıq sazişinin təqdim edilməsi mərasimi keçirilib.
Daha sonra Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli “Əmək bazarında cari və gələcək təklifi formalaşdıran əmək ehtiyatlarının təhsil pillələri üzrə təhlili” adlı təqdimatla çıxış edib. Daha sonra E.Səfərli layihə çərçivəsində komitələrin Milli Observatoriya ilə əməkdaşlıq istiqamətlərindən və görülən işlərdən bəhs edib.
Tədbirdə iştirak edən Böyük Britaniyanın Middlesex Universitetinin əməkdaşı George Dafoulasda ECAR layihəsinin xarici qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. Həmçinin Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birinci müşaviri, Əməkdaşlıq şöbəsinin rəhbəri cənab Viktor Bojkov çıxış edərək həyata keçirilən layihənin Azərbaycan ali təhsil müəssisələri ilə Avropa ali təhsil sistemi arasında əlaqələri daha da gücləndirdiyini və Avropa təcrübəsinin öyrənilməsi nöqteyi-nəzərindən vacibliyini qeyd edib.
Yekunda layihənin Avropadan olan tərəfdaşları –Lissabon Texniki Universitetindən insan resursları üzrə direktor Rui Mendes, Fransanın Beynəlxalq Təhsil Təşkilatından ali təhsil şöbəsinin rəhbəri Fatou Estule, Belçikanın EFMD akkreditasiya təşkilatının beynəlxalq layihələr üzrə direktoru cənab Christophe Terrase və İsveçin Kral Texnologiya Universitetinin layihə meneceri cənab Viktor Kordas da çıxış edərək layihə barəsində öz təəssüratlarını bölüşərək layihənin uğurla yekunlaşmasından məmnun olduqlarını söyləyiblər.