“AZƏRBAYCANDA REKTORLAR KONFRANSININ YARADILMASI” (ECAR) ADLI ERASMUS+ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ALİ TƏHSİLDƏ BEYNƏLMİLƏLLƏŞMƏ ÜZRƏ PİLOT KOMİTƏ TƏSİS OLUNDU

ECAR (Azərbaycanda Rektorlar Konfransının yaradılması) Erasmus+ layihəsi çərçivəsində Ali təhsildə beynəlmiləlləşmə üzrə pilot komitə yaradılması məqsədi ilə 2 Dekabr 2022-ci il tarixdə Bakı Biznes Universitetində görüş təşkil edilmiş, layihəyə tərəfdaş olan yerli ali təhsil müəssisələrinin Beynəlxalq Əlaqələr üzrə prorektor, şöbə müdiri və digər məsul şəxsləri iştirak etmişdir. Görüşdə Ali təhsil müəssisələrində Beynəlmiləlləşmə vəziyyətinin təhlili üzrə aparılmış sorğunun nəticəsi və komitənin fəaliyyətinə dair müzakirələr keçirilmişdir. Azərbaycan Rektorlar Konfransı üçün hazırlanmış nizamnamə və komanda tərəfindən tərtib olunmuş komitələr haqqında qısa məlumat iştirakçılara təqdim edilmişdir. Komitə fəaliyyətinin daha effektiv təşkili məqsədilə Komitə sədri və sədr müavinləri seçilmişdir.  Səsvermənin nəticələrinə əsasən Ali təhsildə beynəlmiləlləşmə üzrə komitənin sədri Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, sədr müavinləri Bakı Ali Neft Məktəbinin Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova və “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli seçilmişdir.

Jalə Əhməd qızı Qəribova, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr  üzrə prorektoru (oktyabr, 2004), dilçilik üzrə fəlsəfə doktoru, dosent.

Fəaliyyəti dövründə Azərbaycanda ali təhsilin beynəlxalq ali təhsil məkanına inteqrasiyası və ali təhsilin modernləşdirilməsi ilə bağlı bir neçə yerli və beynəlxalq layihənin müəllifi olub. Avropa Birliyi, Amerika Təhsil Şurası, Britaniya Şurası, Alman Akademik Mübadilə Təşkilatı (DAAD), British Council, Türk iqtisadiyyat və İnkişaf Agentliyi (TİKA) və s. qurumlarla əməkdaşlıq edərək müxtəlif  proqramlar həyata keçirib. Bundan başqa müxtəlif xarici universitetlərlə işbirliyi çərçivəsində uğurlu mübadilə proqramlarının əsasını qoymuş və bu proqramların bir çoxu bu gün də davam etməkdədir.

 

Könül Məhərrəmova beynəlxalq ali təhsil sahəsində on dörd ildən artıq təcrübəyə malikdir. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində, sonra isə dövlət ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbində müxtəlif vəzifələrdə çalışıb, hazırda həmin ali təhsil müəssisəsində Beynəlxalq əlaqələr şöbəsinin rəisidir.

O, ali təhsilini Azərbaycan Dillər Universitetində almışdır və Corc Vaşinqton Universitetinin Biznes Məktəbinin Layihələrin İdarə Edilməsi üzrə Magistr Sertifikatına sahibdir.

O, Aİ tərəfindən maliyyələşdirilən Tempus və Erasmus plus layihələri, həmçinin İsveç İnstitutu tərəfindən maliyyələşdirilən və beynəlxalq layihə olan CyberEdu (Kiber Təhlükəsizlik Şəbəkəsinin yaradılması) kimi müxtəlif layihələri koordinasiya edib.

Rəcəb Cəfərli beynəlxalq əlaqələr üzrə səkkiz ildən artıq təcrübəyə malikdir. 2004-2008-ci illərdə Naxçıvan Özəl Universitetində “İngilis dili müəllimliyi” ixtisasında bakalavr, 2009-2011-ci illərdə isə həmin universitetdə magistratura pilləsində təhsil alıb.

2009-cu ildən pedaqoji fəaliyyətlə məşğul olub, 2013-cü ildən “Naxçıvan” Universitetində müəllim kimi fəaliyyət göstərir, müxtəlif ölkələrdə təşkil olunmuş beynəlxalq simpozium, treninq və konfranslarda iştirak etmiş və sertifikatlarla təltif edilmişdir. 5 beynəlxalq layihənin universitet koordinatorudur. 2021-ci ildə dissertasiyasını uğurla müdafiə etmişdir.