ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan ” Strateji inkişaf” adlı komitənin İdarə heyətinin sədr müavini
Professor Sevinc Zeynalova 1988-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis-alman fakültəsində təhsil alıb. 1994-cü ildə aspiranturada təhsil almışdır. “İngilis klassik ədəbiyyatında portret problemi (C.Çoser, V.Şekspir, C.Qolsuorsi yaradıcılığı əsasında)” adlı dissertasiya mövzusunu müdafiə etmiş, 1998-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2005-ci ildə Azərbaycan Respublikası Prezident yanında Ali Attestasiya Kommisiyasının qərarı ilə dosent diplomu almışdır.
S. Zeynalova 2014-cü ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan ədəbiyyatında Qərb mövzusu (Qərbli obrazının inikası və Qərb ədəbi-estetik dəyərlərindən təsirlənmə problemi)” adlı dissertasiya mövzusunu müdafiə etmişdir.
S. Zeynalova 1993 – 2000-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası kafedrasında müəllim, 1999 – 2007-ci illərdə İlyas Əfəndiyev adına Fondun Təlim mərkəzinin direktoru, 2006 – 2008-ci illərdə Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasında (0,5 ştat) müəllim, 1999-2010-cu illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Xarici dillər kafedrasının müdiri, 2011 – 2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Xarici dillər kafedrasının dosenti (0,5 ştat əvəzçilik qaydasında), 2010 – 2014-cü illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti, 2014 – 2017-ci illərdə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin nəzdində İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, 2017 – 2019-cu ilin mart ayının 29-dək Azərbaycan Dillər Universiteti Filologiya və jurnalistika fakültəsinin nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri və 2019-cu ilin mart ayından noyabr ayınadək ADU-nun Elmi işlər üzrə prorektoru olub. 2019-cu ilin noyabr ayından həmin universitetin Tədris məsələləri üzrə prorektorudur.
O, hal hazırda ADU-nun ED 2.12 Dissertasiya Şurasının sədr müavini və Dil və Ədəbiyyat jurnalının redaktoru kimi elmi fəaliyyətlə məşğuldur. S. Zeynalova 2017-2019 – AAK-ın Humanitar Elmlər üzrə Ekspert Şurasının üzvü, 2016-2017 -ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının Elmi Seminarının sədri,2015-2016 Magistr dissertasiyalarının Müdafiəsi üzrə Elmi Şuranın sədri vəzifələrini icra edib.
Sevinc Zeynalova 2 monoqrafiyanın, 1 kitabın, 5 metodik vəsaitin, fənn proqramlarının və 50-dən artıq elmi məqalənin müəllifi və həmmüəllifidir.
ADU-nun (2021-2026 ADU Strateji Planı) Strateji planlaşdırma və siyasətin hazırlanmasına rəhbərlik etmiş, sillabusların yenilənməsi, ingilis dilinin tədrisinin ümumi məqsədlərdən akademik məqsədlərə keçidini təmin etmişdir (pilot layihəsinin müəllifi olaraq). İkili diplom proqramlarının həyata keçirilməsində, tərəfdaş universitetlərlə proqram mexanizminin hazırlanmasında, eləcə də proqramların akkreditasiyasında yaxından iştirak edir.
Bir sıra elmi respublika və beynəlxalq konfransların Təşkilat komitəsinin sədr müavini qismində, o cümlədən Türkiyənin Dokuz Eylül Universiteti və Azərbaycan Dillər Universitetinin əməkdaşlığı çərçivəsində silsilə konfransların təşkilatçısı olmuşdur.