Azərbaycan Texnologiya Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib

Azərbaycan Texnologiya Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib
Tədbir layihə çərçivəsində bu ilin 10-14 iyul tarixlərində tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransının, eləcə də və İspaniya ali təhsil müəssisələrinin, həmçinin Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə Madriddə keçirilmiş səfər zamanı əldə olunan təlim nəticələrinin müzakirəsinə həsr olunub.
Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, eyni zamanda yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara məlumat verib.
Daha sonra beynəlxalq təlimdə Azərbaycan Texnologiya Universitetini təmsil etmiş Tədris şöbəsinin müdiri Raqif Hüseynov, eləcə də sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov öz çıxışlarında İspaniya Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri, eyni zamanda İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış, sektorlararası münasibətlər və koordinasiya ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
06.10.2023