ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan ” Strateji inkişaf” adlı komitənin İdarə heyətinin sədri

Araz Aslanlı bakalavriatura pilləsi üzrə təhsilini Türkiyənin Hacettepe Universitetində, magistratura pilləsi üzrə təhsilini Ankara Universitetində, doktorantura pilləsi üzrə təhsilini Gazi Universitetində alıb.
Türkiyənin və Avrasiya regionunun nüfuzlu strateji araşdırmalar mərkəzlərində (əvvəlcə ASAM-da, daha sonra isə TUSAM-da) Azərbaycan şöbəsinin sədri, Ümumqafqaz Şöbəsinin sədri, mərkəzin sədr müavini kimi vəzifələrdə işləyib. Gənc tədqiqatçılar üçün təşkil edilən araşdırma məktəblərinin təlimçisi olub. 2000-ci ildən eyni zamanda tədqiqatçı jurnalistika fəaliyyəti ilə məşğuldur. Qarabağ problemi, enerji strategiyası, Azərbaycan xarici siyasətinin müxtəlif istiqamətləri, Türkiyənin xarici siyasəti, etnik münaqişələr və s. mövzularda 100-dən çox məqalənin müəllifidir. Məqalələri Azərbaycan, ingilis, rus, alman, fransız, türk, ərəb və digər dillərdə dünyanın müxtəlif ölkələrinin (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, İngiltərə, Qətər və s.) jurnal və internet saytlarında dərc olunub.
Azərbaycan, ingilis və türk dillərində nəşr edilmiş 5 kitabın müəllifi, 12 kitabın həmmüəllifidir. 2007-ci ildən Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası kimi müxtəlif ali təhsil müəssisələrində “Diplomatiya tarixi”, “Azərbaycanın xarici siyasəti”, “Avropa ölkələrinin müasir daxili və xarici siyasətləri” və digər fənləri tədris edir. Dövlət Gömrük Komitəsinin Akademiyasında Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi işləyib. Hazırda Akademiyanın Tədris və innovasiyalar üzrə rəis müavinidir. Eyni zamanda Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM-ın) sədridir.