Xəzər Universitetində ERASMUS + ECAR layihəsi çərçivəsində təlim

2024-cü ilin may ayının 20-21 tarixlərində Bakı Biznes Universitetinin koordinator və Xəzər Universitetinin tərəfdaş olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində gənc tədqiqatçılar üçün “Tədqiqat metodları” adlı təlim baş tutmuşdur. Təlimdə Azərbaycanın 14 müxtəlif universitetindən olan 25 tədqiqatçı iştirak etmişdir.
Xəzər Universitetində təşkil olunan 2 günlük təlimin ilk günündə universitetin İnkişaf direktoru Raziyə İsayeva tədqiqatın dizaynı, ədəbiyyat icmalı və tədqiqatda etik prinsiplər hissəsi təlimini aparmış, təlimin ikinci günündə isə Həyat elmləri departamentinin dosenti Cavid Ocaqi təlimin tədqiqat metodologiyaları, verilənlərin təhlili və hesabatların yazılması hissəsini aparmışdır.