OYU-da Azərbaycan Rektorlar Şurasının Tədris işləri və keyfiyyət təminatı üzrə komitəsinin iclası baş tutmuşdur

ECAR layihəsi çərçivəsində pilot olaraq qurulmuş Azərbaycan Rektorlar Şurasının Tədris işləri və keyfiyyət təminatı üzrə komitəsinin iclası Odlar Yurdu Universitetində keçirilmişdir.
İlk öncə, iclası Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və tədbir haqqında ümumi məlumat vermişdir.
Cənab rektor tədbirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, belə görüşlərin təqdirəlayiq olduğunu, gələcəkdə də davam edəcəyini vurğulamışdır.
İclası ADPU-nun Tədris işləri üzrə prorektoru, dos. Eldar Aslanov davam etmiş və gündəlikdə olan mövzular barədə iclas iştirakçılarına məlumat vermişdir.
Sonra iclasda iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri Turxan Süleyman “Bakalavriat səviyyəsində bəzi ixtisaslar üzrə 3 illik təhsil proqramlarına keçidlə bağlı” təqdimatla çıxış etmişdir.
İclasda iştirak edən Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov tərəfindən bəzi ixtisaslarda tələbənin öyrənmə intensivliyi və onun faydalılığı, vacibliyi əmək bazarında fəaliyyəti zamanı daha da intensiv olacağı qeyd olunmuşdur.
Daha sonra Azərbaycan ATM-lərində tədris və keyfiyyət təminatı sahəsində mövcud vəziyyət, komitənin görəcəyi işlər və ondan gözləntiləri öyrənmək məqsədilə komitə üzvləri arasında keçirilmiş sorğunun təqdimatı baş tutmuşdur.
İclas sual-cavab sessiyası ilə davam etmişdir. Mövzunun aktual və maraqlı olduğu vurğulanmış və iştirakçılar tərəfindən müsbət qiymətləndirilmişdir.
Qeyd olunan iclasda Odlar Yurdu Universitetinin rektoru, prorektorları, professor-müəllim heyəti, qonaq qismində dəvət olunan Azərbaycanın ali təhsil müəssisələrinin prorektorları, departament rəhbərləri və şöbə müdirləri iştirak etmişlər.