“Azərbaycanda Rektorlar Konfransı”: Layihə çərçivəsində rektorların görüşü keçirilib

4 oktyabr 2021-ci il  tarixində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransı” adlı Erasmus+ layihəsi çərçivəsində layihə konsorsiumuna üzv universitetlərdən Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Odlar Yurdu Universiteti və Bakı Biznes Universitetinin rektorlarının görüşü baş tutub.

Biznes Universitetinin rektoru i.e.d.prof.İ. M.Abbasov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və layihənin universitetlərin birgə əməkdaşlığı və hərtərəfli inkişafı baxımından böyük önəm kəsb etdiyini söyləyib. Daha sonra rektorlar çıxış edərək qeyd ediblər ki, sözügedən layihə universitetlər arasında ali təhsilin mühüm istiqamətləri üzrə qarşılıqlı əlaqələri gücləndirəcək. Rektorlar onu da əlavə ediblər ki,  layihə mövcud imkanların dəyərləndirilməsi və əldə edilmiş təcrübələrin çevik şəkildə mübadiləsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir.

Görüş zamanı layihə çərçivəsində yaradılacaq Konfrasın fəaliyyət modelləri və digər təşkilati məsələlər müzakirə edilib və faydalı fikir mübadisi aparılıb.

Yekunda layihə koordinatoru tərəfindən qeyd edilib ki,  layihənin üzvü olan digər ali təhsil müəssisələrinin rektorları ilə də müvafiq görüşlər həyata keçiriləcək.