“NAXÇIVAN” UNİVERSİTETİNDƏ ECAR (AZERBAYCANDA REKTORLAR KONFRANSININ YARADILMASI) ERASMUS+ LAYİHƏSİNİN MƏLUMATLANDIRMA GÜNÜ TƏŞKİL EDİLMİŞDİR

“Naxçıvan” Universitetində təşkil edilən məlumatlandırma günündə  Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev,  Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Azərbaycan Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov, Bakı Biznes Universiteti,

Azərbaycan Dövlət Pedaqoji Universiteti,  Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və Odlar Yurdu Universitetinin prorektorları  iştirak edib.

Tədbiri açan “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva layihənin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında milli şəbəkələşməni qurmaq və hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün milli səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov layihənin Muxtar Respublikada yeganə tərəfdaşı olan “Naxçıvan” Universitetində keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. O, layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından önəminə toxunaraq uğurla həyata keçiriləcəyinə inandığını vurğulayıb.

Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Erasmus+ çərçivəsində həyata keçirilən Rektorlar Konfransı barəsində beynəlxalq təcrübəni bölüşüb.

Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov öz çıxışında layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verib.

Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru , layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində keçirilmiş sorğu və Azərbaycan ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində aparılmış tədqiqatın nəticələrinə dair hesabatla çıxış edib.

Azərbaycan universitetlərinin prorektorları çıxış edərək yeni çağırışların müşahidə olunduğu müasir təhsil sistemində universitetlərin daha sıx əməkdaşlığının zəruriliyini və layihənin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminliklərini vurğulayıblar.

Tədbirin yekununda çıxış edən universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli  layihə çərçivəsində “Naxçıvan” Universiteti tərəfindən görülmüş fəaliyyətlər barəsində təqdimatla çıxış etmişdir.