“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində İspaniyanın Madrid şəhərinə səfər təşkil olunub

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində İspaniyanın Madrid şəhərinə səfər təşkil olunub. Layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektor, prorektor və digər məsul şəxslərdən ibarət 40 nəfərlik nümayəndə heyəti iştirak edib.
İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların da iştirak etdiyi səfərin əsas məqsədi bu ölkələrin tələbə və məzun işləri üzrə təcrübəsinin öyrənilməsidir. 10-14 iyul tarixlərini əhatə edən 5 günlük səfərin təlim və seminarları Madrid III Carlos Universitetində təşkil olunub. Sual-cavab sessiyalarında xarici ekspertlərlə faydalı fikir mübadilələri aparılıb.
Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq Azəbaycanda rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edib.